
Tanınmış təhlükəsizlik eksperti, sabiq MTN zabiti İlham İsmayıl, sosial şəbəkələrdə yayılan və böyük rezonans doğuran bir foto üzərindən ukraynalı qadın əsgərlərə dərin ehtiramını ifadə edib. Musavat.com bildirir ki, şəkildə dörd qadın hərbçi - hər biri ayaqlarını itirmiş, lakin qürur və sevinc dolu baxışları ilə Ukrayna uğrunda mübarizəni simvolizə edirlər.
İlham İsmayıl bu fədakar qadınları belə səciyyələndirib:
“Bu ukraynalı qızlar gözəllik yarışmasında iştirak etsəydilər, bəlkə də dünya gözəlləri seçilərdilər. Amma, bu gözəllər vətəni qorumağı hər şeydən üstün bildilər. Gözəl ayaqlarını itirdilər, biri hər ikisini, üçü isə bir ayağını… Fəqət, onların üzündəki təbəssümə, sevincə baxın. İtirdikləri gözəl ayaqları, qazandıqları Ukraynadır!”
Təhlükəsizlik eksperti onların fiziki məhdudiyyətə baxmayaraq, simvolik güc və gözəllik nümunəsinə çevrildiyini vurğulayaraq deyib:
“Bu qızlar ayaqsız da gözəldir. (Yadıma “Dövlət bəyin ölüsü də gözəldir” düşdü). Ona görə də sizləri yalnız ukraynalılar deyil, bütün vicdanlı insanlar sevir. Kişilər bəzən qadınları ayaqlarının gözəlliyinə görə sevirlər. İnanıram ki, vətən yolunda itirdiyiniz ayaqlarınıza görə sizlərin daha çox sevəni olacaq. Və yəqin ki, artıq var.”
İlham İsmayıl sonda Ukrayna xalqının mübarizəsinə dəstəyini bir daha ifadə edərək, “Slava Ukrainı – Qeroyam Slava!” şüarı ilə paylaşımını tamamlayıb.
Bu mesaj təkcə Ukraynadakı qadın döyüşçülərə deyil, bütün dünyada vətəni uğrunda canından keçən hər bir qadına və kişiyə ünvanlanan dərin bir ehtiram çağırışıdır.