LAL baxışlar, LƏL naxışlar

LAL baxışlar, LƏL naxışlar
Cəmiyyət 27 May 2025 - 17:07
Kəlbəcərlilərin “Lal Mərdan”ı da Kəlbəcər həsrətinə dözmədi...

...Dünəndən yenə də hal-əhvalım qarışmışdı. Bunun səbəbkarı bu sərlövhədə yazılanlar deyildi. 2005-ci ilin
may ayının 2-dən bu günə kimi “anasızlıq” dərdinə mübtəla olduğumu çoxları bilir. Məhz elə bu MAY ayında yalvarmışam ki, halımı soruşmasınlar, çünki hal-əhvalımı da MAY ayı əlimdən alıb... Şairelli, şeirdilli ANAM GÜLLƏR bu gecə - mayın 2-də axşam saatlarında mələk kimi ruha çevrilib uçub gedib əlimizdən. Ona görə də MAY mənim qarğışıma tutulub: havasına fikir verin...

Dünən axşamdan yenə də o haldayam, həmişəki kimi. Bu dəfə daha bir azar canıma hopdu: “Lal Mərdan”ın da “kəlbəcərsizlik azarı”. Bakının Müşfiqabad qəsəbəsinə sığınmış bir “Allah adamı”, “lal baxışlı”, əlləri zərgər naxışlı, “dilsiz-ağızsız Mərdan da qəfil köçdü bu fani, etibarsız dünyadan”,- xəbərindən sarsldım.
Elə bilirdim ki, onu Kəlbəcərdə ancaq qohum-əqraba yaxından tanıyır. Yamanca yanılmışdım. Bunu elə bax bu gün dərk elədim ki, insan bu dünyaya şəxsiyyət kimi gəlmir. Onu şəxsiyyətə çevirən bir çox amillər varmış. Bunlardan ən birincisi İNSANLIQdır!

O da bu dünyaya İNSANLIQ etalonu kimi gəlibmiş, çoxlarımızın xəbəri olmayıb. Sıradan bir kəlbəcərli kimi tanımağa çalışmışıq. Amma bu “dilsiz-ağızsız Allah bəndəsi”nin qazandığı xatir-hörmətin şahidinə çevrildikdən sonra qəti şəkildə deyirəm: “Lal Mərdan əsl şəxsiyyət imiş”.

Qədir-qiymətini bilməyən kəlbəcərli ola bilməz. Hələ Kəlbəcərdən didərgin salınmamışdan əvvəllər də onu gənc yaşlarından hamı çox istəyirdi. Bunu qazanmışdı. “Dili-ağzı” olmasa da, əlləri zərgər idi. “Zər qədrini zərgər bilər”- kəlbəcərlilər, görəsən onun qədrini bildimi? Məncə, bugünkü dəfn mərasimi təsdiqləyirdi ki, bəli, “Lal Mərdan” əsl kəlbəcərlidir: eşidib-bilən el axışmışdı.
Mərdan əsl sənətkar idi. Onun nəyə qdir olduğunu, necə sənətkarlığını biz hələ Kəlbəcərdə olarkən bilirdik. Necə deyərlər, sənəti ilə şəhrət qazanmış sənətkar idi. TOKdan qorxmayan adam idi. peşəsi elektrik idi. Rayon Elektrik Şəbəkəsində çalışırdı. Dili-ağzı olmasa da, "işığın dilini bilirdi". Onunla "oynayırdı" Bircə dəfə də olsun elektrik-TOK onu qorxutmadı. O da elektriklə çox evlərə işıq verdi. elə qaranlıq könüllərə də. Şahin mehtiyev Muradın xatirini də elə məhz bu xarakterinə görə çox istəyirdi. Digər elektriklərdən seçirdi. Peşəsi elektrik olsa da, onun barmaqları zərgərinki idi. Həyət-bacada da öz səliqə-səhmanını qoyub getdi. Müşfiqabadda sığındığı həyət-bacanı da öz əlləri ilə bəzəyib. Səliqə-sahmandan görünürdü ki, o, mehrini işə, işgüzarlığa salıbmış...
Bacısı oğlanları Fazil, Famil və Nofəl ataları Hüseyn dayını itirdikdən sonra sanki dayıları Mərdanı yenidən kəşf eləmişdilər. Balalarının anası Afayət “lalın dilini yiyəsi bilər” atalar sözünə tapınıb, illərdir ki, onu anlayıb, başa düşüb, sanki o da “dilini qurban verib” ki, anlaşsınlar. Yox, yox, Afayət xanım Mərdanı “danışdırıb”, özü də əsl ailə anasına çevrilib: qayğıları başından aşsa da, Mərdanın əlini buraxmayıb. İllərlə onun “nazı ilə oynayıb”...
Bu gün də axıdılan göz yaşları bunu təsdiqləyirdi.
Bu gün daha bir kəlbəcərlimizi Müşfiqabadda Cavid Qənbəroğlunun himayədarlığı ilə salınan qəbristanlıqda qara torpağa tapşırdıq. Məkanı cənnət olacaqmı görəsən?! Axı, cənnət-misal Kəlbəcərindən görün nə qədər uzaqlarda, Abşeron yarımadasında verdik torpağa əmanət.
Əmanətə xəyanət yoxdu, bilirik. Mərdana qədər burada torpağa əmanət edilən kəlbəcərlilərin sayı sanki hər gün artır. Allah, sənin böyüklüyün qarşısında biz kimik ki?! Amma, möhlət istəyirdik 30 ildir Səndən!
Ya Rəbb! Sən bizi Kəlbəcərə qovuşdurdun, bəs son məkanımız nədən o yerlər, qəriblikdə darmadağın edilən qəbristanlıqlarımız olmur?!
Olmur, Tanrım, belə ölüm olsa da, belə dəfn olmasın! Kəlbəcərlilərin deyən-danışan dilləri olan Bəhmənimizi, Sücaətimizi, Qəmkeşimizi, elə bu qəbristanlıqda “yatan “ Mehdixanımızı, yanında uyuyan Vaqifimizi əlimizdən aldın! Bəhmən necə yalvarmışdı Sənə, Yaradanım:
Bizi Kəlbəcərə qaytar İlahi,
Onun torpağından, daşından öpüm...
Dərin kədərlə:
Məhəmməd Nərimanoğlu,
Bakı şəh., Müşfiqabad qəs. 02 may 2025-ci il.
reklamlar

Digər xəbərlər