
“Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyinin sədri Cəmilə Çiçək Zekainfo.az-a açıqlamasında bildirib ki, Türk Dünyası Vətəndaş Cəmiyyəti Çalıştayı Türk coğrafiyasının ortaq gələcəyi üçün mühüm bir başlanğıc nöqtəsi olub.
Onun sözlərinə görə, Ankara Ticarət Palatasının ev sahibliyi ilə keçirilən tədbir EkoAvrasiya Vəqfi, İpək Yolu İctimai Diplomatiya Təşkilatı və TÜRKSİT-in təşkilatçılığı ilə baş tutub: "Çalıştaya Türkiyə və Azərbaycandan yüksək səviyyəli siyasətçilər, elm adamları və ictimai fəallar qatılıb. Professor Kürşad Zorlu çıxışında bildirib ki, Türk dünyası tarix boyu çətinliklərə qarşı dayanıqlılığını sübut edib. “İndi isə bu birliyi daha institusional və davamlı hala gətirməyin zamanıdır”, – deyə o qeyd edib.
TÜRKSİT rəhbəri Kemal Kurnaz isə bildirib ki, Yunus Əmrənin “Gəlin, tanış olaq” çağırışı çalıştayın ruhunu əks etdirir – sevgi, tanışlıq və əməkdaşlıq. Azərbaycan Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı çıxışında qeyd edib ki, Qarabağ zəfəri Türk dünyasının mədəni birlik ideyasına güclü dəstək olub: “Bu birlik bəzi beynəlxalq dairələrin xoşuna gəlməsə də, biz yolumuza əminliklə davam etməliyik.” Professor Filiz Kılıç isə vurğulayıb ki, vətəndaş cəmiyyəti gələcəyin “xəyal fabriki”dir. Onun sözlərinə görə, inanmış insanlar cəmiyyətləri dəyişdirə bilər. Çalıştay çərçivəsində gənclik, təhsil, mədəni diplomatiya, eləcə də vətəndaş cəmiyyətinin regional güc kimi rolu geniş şəkildə müzakirə olunub".
Cəmilə Çiçək əlavə edib ki, bu kimi tədbirlər Türk xalqları arasında könül körpülərinin qurulması, ictimai diplomatiyanın gücləndirilməsi və ortaq mədəni kodların yaşadılması baxımından misilsiz imkanlar yaradır:
"Türk Dünyası ictimai təsisatları arasındakı münasibətlərin möhkəmlənməsindəki roluna, Türkiyə və Azərbaycan arasındakı ictimai-mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə, İpək Yolu İctimai Diplomatiya Şurasının sədri, ictimai xadim Sayın Seyfullah TÜRKSOYA bu gözəl tədbirə bizi də dəvət etdiyinə görə təşkilatımız adından dərin minnətdarlığımızı bildiririk."
Əlirza İsbəndiyarov